Deputat: Ermənistanda böyük fəlakətlər yaşanacaq

Ermənistan iqtisadiyyatının 80-90 faizi xarici ölkələrin inhisarına keçib, Ermənistanın prezidentlik postunu zəbt edən klan öz cinayətkar əməlləri ilə Ermənistanı və xalqı rüsvayçılığa, təcrid olunmağa, fəlakətə sürüklədi və sürükləməkdədir.

Bakumedia.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

“Azərbaycan və Ermənistanda həm siyasi, həm də iqtisadi vəziyyət müqayisə olunmayacaq dərəcədə fərqlidir.

Azərbaycan müharibə vəziyyətində, torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində ölkənin beynəlxalq nüfuzu yüksəlib.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan dövlətçiliyi möhkəmləndi, daxili stabilliyə nail oldu və bu stabilliyə söykənərək iqtisadiyyatını və ordusunu da gücləndirdi”, - deyən millət vəkilinin sözlərinə görə, bu gün bu dinamik inkişaf davam edir.

O deyib ki, məhz bu faktlara görə də Azərbaycanda prezident seçkiləri sabit və şəffaf keçdi, xalq öz seçimini etdi, layiqli namizədini seçdi.

Millət vəkili əlavə edib ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində qonşularla düşmənçilik mövqeyində durur, regionda baş verən bütün inkişafdan, beynəlxalq layihələrdən, dövlətlərarası əməkdaşlıqdan təcrid olunub, iqtisadiyyatı iflasa uğrayıb:

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının 80-90 faizi xarici ölkələrin inhisarına keçib, Ermənistanın prezidentlik postunu zəbt edən klan, xunta rejimi öz cinayətkar əməlləri ilə Ermənistanı və xalqı rüsvayçılığa, təcrid olunmağa, fəlakətə sürüklədi və sürükləməkdədir.

Millət vəkili qeyd edib ki, nəticə də göz qabağındadır:

“Bu, hələ son deyil. Hesab edirəm ki, Ermənistanda bu cür etiraz dalğaları davam edəcək, hələ çox böyük təlatümlər, gərginliklər yaşanacaq.

Çünki “Qarabağ klanı” ilə Ermənistan erməniləri arasında uzun müddətdir düşmənçilik vəziyyəti davam edir, artıq bu məsələ qabarıb və üzə çıxıb.

Bu gedişlə Ermənistanı hələ çox fəlakətlər, təlatümlər gözləyir”, - deyə o, mətbuata açıqlamasında bildirib.

Bakumedia.az